Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxıb. İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Qarşılaşmanın əvvəllərində Vuça passiv güləşdiyi üçün xəbərdarlıq edilib. Fasiləyə Stadnik 5:0 hesabı ilə öndə çıxıb. O, ikinci hissədə  daha 8 xal alaraq inamlı qələbəyə nail olub - 13:0. Bu Stadnikin ikinci dünya çempionluğudur.

Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.