Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, rəqib çinli Yanan Sun olub. Görüşün əvvəlində Stadnik Sunu döşəkdən kənara çıxarmaqla 1 xal alıb. O, fasiləyədək üstünlüyünü 2:0-a çatdırıb. Azərbaycan təmsilçisi ikinci hissənin əvvəlində daha 2 xal alıb.
Rəqib sona doğru fərqi bərabərləşdirsə də, Stadnik daha bir xalla önə keçib. O, son saniyələrdə daha bir xal alaraq, 6:4 hesablı qələbə ilə finala yüksəlib. Həlledici görüşdə rəqib qazaxıstanlı Valentina İslamova Brik olacaq.
***
Azərbaycan qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Offsideplus.az-ın məlumatına görə 31 yaşlı idmançı buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə nail olub.
1/4 finalda Yekaterina Poleşçuka (Rusiya) qalib (11:0) gələn Stadnik ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.
Qeyd edək ki, Mariya Stadnik karyerasında dördüncü dəfə olimpiadada iştirak hüququna yiyələnib. O, "Pekin-2008"də bürünc, "London-2012" və Rio-2016"da gümüş medal əldə edib. Stadnikin aktivində dünya çempionatının, 7 dəfə Avropa çempionatının və 2 dəfə Avropa Oyunlarının qızıl medalları da var.