“Şamaxı” klubunun baş məşqçisi Vüqar Əsgərli Türkiyədəki təlim-məşq toplanışı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, bu gün Qazaxıstanın “Kaysar” komandası ilə yoxlama matçından (0:0) sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“10 günlük fasilə var idi. Amma futbolçularımıza tapşırmışdıq ki, yükləmələrdən başlamalıyıq. Toplanışa Bakıda start verdik. Buraya gələndən sonra isə gündə iki dəfə məşq edirik. Qarşımızda bir həftə var. O bir həftə ərzində günə iki məşq planlaşdırmışıq. Oyunçular sabah istirahət edəcəklər. Sonra yenə məşqlərə başlayacağıq”.
Mütəxəssis məşq etmək üçün bütün şəraitilərinin olduğunu da söyləyib: "Buna görə klub rəhbərliyinə təşəkkürümüzü bildiririk. Hər bir şərait yaradılıb. Oyunlar, qidalanma, məşq meydançaları - hər şey yüksək səviyyədədir. Ayın 18-də də daha bir oyunumuz var. İstəyirik ki, çempionatımızda "Səbail"ə qarşı göstərəcəyimiz oyunu bu matçda da göstərək”.