Ötən mövsümün ortalarında “Səbail”in futbolçusu Turan Manafov Yunanıstanın “Olimpiakos” klubuna transfer olundu.
Amma Yunanıstan klubunda onun arzuları reallaşmadı.
Offsideplus.az xəbər verir ki, meydana çıxmaq şansı yaxalaya bilməyən Turan zədələndi, klub isə onun müalicəsini üzərinə götürmədi. Futbolçusunu “Olimpiakos”a icarəyə verən “Səbail” Turanı geri çağırıb, daha birillik müqavilə bağladı. Yeni mövsümdən isə Manafov “dənizçilər”in heyətində çıxış edir.
Yunanıstan klubundan FİFA-ya şikayət də olunmuşdu. Ali futbol qurumu artıq Turanın şikayətini təmin edib. Bu məlumatı açıqlamasında onun meneceri İlkin Əliyev verdi:
“Biz məsələ ilə bağlı məhkəməyə müraciət etmişdik. Onlar qərar çıxarmışdı ki, Turanın bütün maaşı birdəfəlik ödənilsin. Bu da 12 min 500 avro edir. FİFA onlara bünün üçün 45 gün vaxt verdi. Həmin müddət avqustun 26-da başa çatdı. Sonra “Olimpiakos”a sanksiya tətbiq olundu. Yəni pul ödənilənə qədər klub transfer edə bilməz. İndiki vəziyyət belədir ki, “Olimpiakos”da maliyyə böhranı yaşanır. Onların 2-ci və ya 3-cü divizionda çıxış edəcəyi bilinmir. Ümumiyyətlə, Yunanıstan futbolu böyük böhran içindədir. Təkcə “Olimpiakos”da vəziyyət pis deyil. Tural Bayramlının çıxış etdiyi “Perikos” da bu vəziyyətdədi. FİFA bu səbəbdən futbolçulara Yunanıstan və Türkiyənin ikinci liqasında çıxış etməyi məsləhət görmür. Düzdür, biz dəyən maddi və mənəvi ziyana görə daha çox pul tələb etmişdik. Yəqin ki, qurum klubun hazırkı durumunu nəzərə alıb. Burda maaşdan əlavə məsələlər də hesablanmışdı. Bunlar təmin olmayıb, ancaq maaş verilib. Belə bir məsələ də var ki, futbolçu hardasa oynamırsa, gəliri yoxdusa, onun pulu UEFA-nın fondundan ödənilir. Turan da indi “Səbail”də çıxış edir. Bu səbəbdən də hələ ki ödəniş olmayıb. Yəqin ki, yaxın vaxtlarda pul veriləcək. Burda qayda belədi ki, ən pis halda qurum öz fondundan pul götürərək futbolçuya verir. Sonra isə klubdan özü alır”.
Mənbə: "Futbol+"