AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra icraçı vitse-prezident Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlama verib.

 Offsideplus.az Məmmədov verilən qərarlar haqda danışıb:

“Bugünkü iclasda səmərəli müzakirələr və fikir mübadiləsi aparıldı, bir neçə vacib qərar qəbul olundu. Artıq ictimaiyyətə də bəlli olduğu kimi bu gündən etibarən mənim AFFA-nın baş katibi kimi fəaliyyətim başa çatdı. Bundan sonra assosiasiyada fəaliyyətimi 2020-ci il yanvarın 28-də AFFA-nın Hesabat-Seçki Konfransında keçirilmiş seçkinin nəticəsinə uyğun olaraq İcraiyyə Komitəsinin üzvü və qeyd olunan tarixdə İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərara uyğun olaraq, icraçı vitse-prezident olaraq davam etdirəcəyəm. 2007-ci ildən başlayaraq 14 ildən artıq müddətdə AFFA-nın baş katibi vəzifəsində çalışmışam və görünür, fəaliyyətimdə müəyyən müsbət məqamlar olduğu üçün bu qədər uzun müddət ərzində mənə etimad göstərilib. Fürsətdən istifadə edib bu yüksək etimada görə AFFA rəhbərliyinə, İcraiyyə Komitəsinə təşəkkürümü bildirirəm. Baş katib vəzifəsinin həvalə olunduğu Sərxan Hacıyev AFFA-ya və Azərbaycan futbol ailəsinə yad sima deyil, futbol ictimaiyyətində tanınan şəxsdir. 2009-cu ildən etibarən AFFA-da mütəxəssis vəzifəsində çalışmağa başlayıb. Ardınca Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, sonra isə – 2012-ci ildən bu günə qədər baş katibin müavini vəzifəsində işləyib. Sərxan Hacıyevin təcümeyi-halı AFFA-nın saytında yerləşdirilib, çox da təfərrüata varmaq istəmirəm. Sadəcə, şəxsən mənim üçün sevindirici bir məqamı qeyd etmək istəyirəm ki, bu gün İcraiyyə Komitəsinin etimad göstərdiyi baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdır, addım-addım, pillə-pillə irəliləyib və bu illər ərzində müxtəlif tədbirlərdə və turnirlərdə zəruri olan təcrübəni toplayıb. Çox şadam ki, bundan sonra da birgə fəaliyyətimiz davam edəcək. Sərxan Hacıyevə uğurlar arzulayıram və ümidvaram ki, bugünkü müvafiq qərar Azərbaycan futbolunun inkişafına, AFFA-nın simasında ölkəmizin futbol institutunun bəlli struktur əsasında idarə olunmasına öz töhfəsini verəcək”.