Bu gün Avropa çempionatının final mərhələsinə start veriləcək.
Offsideplus.az xəbər verir ki, Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq. Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı Ziggo Dome arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində - Amsterdamda və Qroningendə təşkil olunacaq.
Sayca 6-cı dəfə bu mərhələdə iştirak edəcək millimiz mübarizəyə yanvarın 22-də başlayacaq. D qrupunun açılış matçında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Bu görüş, eləcə də yanvarın 25-də keçiriləcək İspaniya – Azərbaycan qarşılaşması Qroningendəki Martini Plazada baş tutacaq. İlk dəfə 16 komandanın iştirak etdiyi yarışda qrup mərhələsini ilk iki pillədə yekunlaşdıracaq millilər ¼ finala vəsiqə qazanacaq. Krallıqda tətbiq edilən qadağalarla əlaqədar yanvarın 25-dək keçiriləcək oyunlarda azarkeşlər iştirak etməyəcək. UEFA futzalçıların özlərini yalqız hiss etməməsi üçün tribunalarda fanatların maketini yerləşdirib. Yanvarın 25-dən sonra keçiriləcək oyunlarla bağlı isə Niderland hökümətinin qəbul edəcəyi qərarlara uyğun addım atılacaq.