"Neftçi" üçün çox çətin oyun olacaq. Hər halda, komanda Bakıdakı matçda cütün taleyini həll etməli idi. HİK həm iki gün əvvəl ağır oyun keçirib gəlmişdi, həm də uzaq məsafə qət etdiyindən "Neftçi" rəqibin bu yorğunluğundan istifadə etməli idi".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi, hazırda işsiz olan Tərlan Əhmədov "flaqman"ın UEFA Avropa Liqasının lll təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Finlandiya HİK-inə qarşı keçirəcəyi matçla bağlı danışarkən deyib.
49 yaşlı mütəxəssis "ağ-qaralar"ın işini şansa buraxmamalı olduqlarını bildirib, o cümlədən müdafiə və hücum xəttindəki problemləri qabardıb:
"Neftçi" məsələni "evdə" rahat həll edə bilərdi. Bəlkə də, müdafiə və hücum xəttindəki boşluqlar, Namikin olmaması (oxu: zədə səbəbindən oynamayıb) işə mane oldu. "Dinamo"(Tbilisi) ilə oyundan bəri müdafiədəki problemlər davam edir. Müdafiəçilər həddindən artıq səhvlərə yol verir. Bu da istər-istəməz komandanın oyununa böyük təsir edir. Bakıda daha sərt oynayıb, sürətli əks-hücumlar qurub nəyəsə nail olmaq olardı. Təəssüf ki, bir xal qazansaq da, "Neftçi"dən gözlədiyimiz oyunu görə bilmədik. Səfər matçı çox çətin olacaq. Skandinaviya futboluna bələdik. Əsasən hava toplarında, standart vəziyyətlərdə yaxşı təsir bağışlayırlar. Ancaq biz bunu HİK-də sezə bilmədik. Finlər bu matçda tamam başqa taktika ilə meydana çıxmışdılar".
Tərlan Əhmədov Namik Ələskərovun Türkiyənin "Bursaspor" klubuna transfer ediləcəyi ilə bağlı yayılan xəbərlər barədə də danışıb:
"Neftçi" kimi komanda bir oyunçudan asılı olmamalıdır. Məsələn, deyək ki, Namikin zədəsi Allaheləməmiş, 6 ay çəkəcəkdi. Bəs onda necə olacaqdı? Əlbəttə, əgər xaricdən təklif varsa və Namik legioner həyatı yaşamaq istəyirsə, onun qarşısı kəsilməməlidir. Necə Mahir Emreli gedib, Namik də onun kimi. Bu, milli komandamız üçün də əla haldır, futbolumuz inkişaf edər. Bir haşiyə çıxım ki, qonşu Gürcüstanda perspektivli olan gənc futbolçular dərhal MDB dövlətlərinin klublarına gedirlər. Bundan tramplin kimi istifadə edirlər. Namikin getməsi ola bilsin ki, "Neftçi"nin oyununa təsir edə bilər. Çünki o, komandanın lider oyunçularındandır. Biz bunu çempionatın gedişində də, "flaqman"ın çempionluğa gedən yolunda da gördük. Düşünürəm ki, Namikin getməsi daha məqsədəuyğundur. Əgər futbolumuzun, millimizin inkişafını istəyiriksə, bu keçidi məqbul sayıram".
Xatırladaq ki, Finlandiyadakı “Bolt Arena” stadionunda keçiriləcək HİK – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk qarşılaşmada 2:2 hesablı bərabərlik qeydə alınıb.