Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva ilə yeni müqavilə imzalanıb.
Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, braziliyalı mütəxəssislə müqavilənin müddəti daha 1 il müddətinə uzadılıb. Bu barədə AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclasında qərar verilib.
İclas zamanı pandemiya səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsi Futzal Federasiyasına tapşırılması da qərara alınıb.
İclasda həmçinin Frits Stuxlikin Hakimlər Komitəsinin sədri vəzifəsində müqaviləsinin müddəti uzadılmasına qərar verilib.
Bundan başqa, Babək Quliyev Hakimlər Komitəsinin üzvü vəzifəsinə təsdiq olunub (vakant yerə).
Eyni zamanda hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənib. Mükafat 2021-2022-ci il mövsümündən etibarən təqdim olunacaq.