45-ci UEFA Super Kuboku matçı sabah saat 23:00-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqası "Bavariya" və Avroliqa çempionu "Sevilya" klubları qarşılaşacaq. Hər iki komanda bu günə qədər kuboku bir dəfə muzeyinə aparıb.
Son olaraq İstanbulda baş tutan matçda "Liverpul" penaltilər seriyasında "Çelsi"yə qalib gələrək kubokun sahibi olmuşdu.
Qeyd edək ki, ilk Super Kubok matçı 1972-ci ildə baş tutmuş və Hollandiya klubu "Ayaks" qalib gəlmişdi.
Bu günə qədər kuboka ən çox sahib çıxan komandalar isə "Barselona" və "Milan"dır. Hər iki klub 5 dəfə qalib olduğu halda, "Real Madrid" və "Liverpul" 4 dəfə, "Atletiko Madrid" və "Ayaks" klubları isə 3 dəfə kuboku başları üzərinə qaldırmağa nail olublar.