Avstriyanın LASK klubunun karantin qaydalarını pozduğuna görə xalları silinib.
Offsideplus.az xəbər verir ki, yerli futbol federasiyası iyunun 2-də bərpası planlaşdırılan çempionata hazırlıq zamanı sağlamlıq protokoluna əməl etməyən klubu cəzalandırıb. Bundesliqanın lideri federasiyanın şərtlərinə məhəl qoymayaraq, koronavirus pandemiyası dönəmində hamıdan erkən kiçik qruplar şəklində məşqlərə başlayıb. Bunun haqsız rəqabətə yol açacağı qənaətinə gələn yerli federasiya LASK-a tarixi cəza kəsərək, 12 xalını silib. Klub həmçinin 75 min avro məbləğində cərimələnib.
54 xalla turnir cədvəlinə başçılıq edən və ən yaxın izləyicisi "Zalsburq"u 6 xal qabaqlayan Linz təmsilçisi verilən cəzadan sonra turnir cədvəlində ikinci pilləyə yuvarlanıb. Hazırda LASK "Zalsburq"dan 6 xal geri qalır.