“Berlin məktəbinə xərclənən pulu 25-30%-i "Sabahın ulduzları" layihəsinə ayrılsaydı, 100-lərlə bəhlullar, emillər yetişərdi”
Dünən Ictimai kanalda yayımlanan “3D” verilişinin qonağı olan Elxan Məmmədov AFFA-nın son illər ərzində yetişdirdiyi 2 futbolçunun adını çəkə bilib: Bəhlul Mustafazadə və Emil Balayev.
Futbol ictimaiyyəti Emil Balayevi “Neftçi”, Bəhlulu isə “Qəbələ” akademiyasının yetirməsi kimi tanıyır.
Bu futbolçuların yetişməsində AFFA rol oynayıbmı?
Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov Bəhlul və Emilin “Sabahın ulduzları” turnirdə iştirak etdiyini, bu çempionatın federasiyaya adiyyatı olmadəğını bildirib:
“Futbolun mövcud problemlərini qısa vaxt ərzində tam əhatə etmək mümkün deyil. Baxanlar baxıb, nəticələrini çıxarıb".
AFFA ölkə futbolunun strateji inkişafına cavabdeh, məsul qurumdur. Ona görə milyonlarla dövlət vəsaiti, eyni zamanda FİFA, UEFA-dan gələn maliyyə hansısa təşkilata deyil, federasiyanın hesabına köçürülür, qayğı göstərilir.
AFFA-nın əsas vəzifələrindən biri də yarışların təşkili, yeni-yeni uğurlu layihələrin həyata keçirilməsi, inkişafın təmin olunmasıdır…
Az ərbaycan futbolu adına "Sabahın ulduzları" layihəsi həyata keçiriləndə AFFA ümumiyyətlə nizamlı olaraq heç bir uşaq yarışları keçirmirdi. Başları "Top çiləmə" festivallarına, Berlin "layihələrinə" pul xərcləməyə qarışmışdı. Emil Balayev, Bəhlul Mustafazadə, Fəhmin Muradbəyli, Mirabdulla Abbasov, Mahir Mədətov, Namiq Ələsgərov, Məqsəd İsayev, Rahil Məmmədov və digər üzdə olan bu günkü futbolçular "Sabahın ulduzları"nda "Neftçi", "Bakı", "İnter", MKT-Araz" və digər komandaların heyətlərində hər həftə milli himn sədaları, Azərbaycan, klub bayraqları ilə meydana çııxanda, federasiya rəsmilərinin başı axtyamovlara qarışmışdı. Tək futbolçular deyil, Əliyar Ağayev kimi hakimlərimiz də ilk uğurlarını "Sabahın ulduzları"nda qazanıblar.
Bu yarışa AFFA tərəfindən heç vaxt bir qəpik də olsun pul köçürülməyib. Layihə çox əhatəlidir və planda bütün ölkəni, bölgələri əhatə etmək idi. Təəssüf ki, futbolu dağıdanlar inkişaf etdirməyə imkan vermədi. Əksinə, qarşısı alındı. Bu illər ərzində Berlinə, yararsız layihələrə yönəldilən milyonların çox yox, 25-30%-i "Sabahın ulduzları" layihəsinə ayrılsaydı, 100-lərlə bəhlullar, emillər yetişərdi... “
Sabiq FIFA referisi federasiyanın mənimsəmə təfəkküründən uzaq olmağı məsləhət görüb:
“İndi isə, bu uşaqları "didişdirirlər", bölüşdürə bilmirlər. Acınacaqlı durumdur...
Futbola kompleks şəkildə yanaşılmalıdır. İnfrastruktur, uşaq futbolundan tutmuş klublar, millilərə kimi yol, mütləq şəkildə keyfiyyətli təmin etməklə ardıcıllıq qorunmalı, nəzarət edilməlidir. Yarışı keçirmək azdır, onun yüksək təşkilatçılığını, səviyyəsini təmin etmək vacibdir. Ardıcıllıq, keyfiyyət təmin ediləndə, həm uşaqlar futbolun sirlərini düzgün mənimsəyir, eyni zamanda bir yarmarkaya çevrilir, iddialı klubların, yığma məşqçilərinin seleksiya işi asanlaşır. Necə ki, artıq yarışlarda çıxış edən Bəhlul Mustafazadəni "Qəbələ" gördü və akademiyaya cəlb edərək sonrakı inkişafını təmin etdi…
Bacarıqlı yeniyetmə- gənclərimiz yaş qrupları üzrə yığmalarımız yolunu keçməyib qonşu düşmən millisində oynayası deyildilər ki?! Milli kimlərinsə şəxsi mülkü, malı, yığması deyil.
Kimliyindən asılı olmayaraq AFFA rəhbərliyini təmsil edənlər, bu təfəkkürlə çıxış etməməlidir. Əgər futbol düşünülürsə, qarşıdurma deyil, qarşılıqlı dialoqlarla, dərin təhlillərlə futbolun indiki durumundan çıxış yolları axtarılmalıdır. Ancaq bu düşüncə ilə birliyi təmin edib futbolun gələcəyini inkişaf etdirmək olar. Nə qədər acınacaqlı vəziyyət olsa da, hələ ki, gec deyil…”
Sultan Soy