Bu gün 2-ci Avropa Oyunlarında daha bir neçə idmançımız yarışacaq. 

Offsideplus.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə təşkil edilən oyunların 3-cü günündə təmsilçilərimiz akrobatika gimnastikası, bədii gimnastika, boks, cüdo, sambo, şose velosipedi, gülllə atıcılığı və stend atılığındə qüvvəsini sınayacaq.

Akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında mübarizə aparacaq. Ötən gün bir gümüş və bir bürünc medal qazanan gimnastlarımız bu gün də buna cəhd edəcək.

Bədii gimnastika üzrə yığma komandamız üç növdə – üç dairə və dörd gürzlə, beş topla və çoxnövçülük üzrə qrup hərəkətləri yarışlarında medallar uğrunda yarışacaq.

Kişi boksçuların mübarizəsində Rüfət Hüseynov (49 kq) 1/8 finalda İsrailli David Alaverdiyan ilə qarşılaşacaq. Məsud Yusifzadə (52 kq) isə 1/8 finalda ukraynalı Dmitro Zamotayev ilə görüşəcək. Bəxtiyar Qazıbəyov (64 kq) isə 1/16 finalda Niderland idmançısı Enriko Lakruz ilə üz-üzə gələcək. Həmçinin ötən gün 1/16 finalda Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksələn Kamran Şahsuvarlı (75 kq) bu gün İrlandiya təmsilçisi Maykl Nevin ilə qarşılaşacaq.