Mövsümün ilk yarısını icarə əsasında Qazaxıstanın “Astana” klubunda keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a qayıdıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı açıqlama yayıb.

Məlumatda braziliyalı futbolçunun 2017-ci ilin yayında – transfer pəncərəsinin son günündə “Qarabağ”a keçməsi və Ağdam klubunun heyətində ən böyük arzularından biri olan Çempionlar Liqasında oynaması, həmçinin onun ÇL-in qrup mərhələsində Azərbaycan təmsilçisinin ilk qolunun (“Roma” ilə oyun – 1:2) müəllifi kimi tarixə düşməsi də qeyd olunub.

Xatırladaq ki, Pedronun PAOK-la 2020-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm icarə əsasında “Qarabağ”da oynayıb.