“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Pedro Enrike dünyaca məşhur ESPN nəşrinə müsahibə verib.
Offsideplus.az-ın məlumatına görə, braziliyalı oyunçu futbola başlamasından, Avropadakı karyerasından danışıb. 28 yaşlı futbolçu “Qarabağ”da çıxış edərkən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Çelsi”yə səfərdə 0:6 hesabı ilə uduzduqları oyunu da xatırlayıb:
“Böyük komandalara qarşı oynayanda, bu, "playstation" kimi görünür. “Çelsi” ilə matç da belə idi. Əvvəlcə “Stemford Bric”də diqqət çəkməyə çalışdım, amma sonradan alınmadı. Stadion möhtəşəm idi. Orada oynamaq isə inanılmaz bir şeydir”.
Hazırda icarə əsasında “Astana” klubunun formasını geyinən Pedro Qazaxıstandakı soyuq havadan şikayətlənib: “Orada rus əsilli futbolçular çoxdur. Qazaxıstan keçmiş Sovet ölkəsidir. Amma ən pisi havanın soyuq olmasıdır. Bəzi günlərdə havanın temperaturu -40, -50 dərəcə olur. Çox vaxt hər yer qarla örtülü olurdu”.
Qeyd edək ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan Pedro 2017/2018 mövsümünü icarə əsasında “Qarabağ”da keçirib.