FİFA-nın videotəkrar sistemi (VAR) ilə bağlı yekun qərarını açıqlayacağı tarix bəlli olub.
Offsideplus.az xəbər verir ki, ali futbol qurumunun matçlarda VAR-ı tətbiq edib-etməməsi martın 3-də dəqiq bilinəcək.
Bu barədə FİFA-nın prezidenti Canni İnfantino AFP-ə açıqlamasında deyib:
“Martın 3-də videotəkrar sisteminin futbolun bir hissəsi olub-olmayacağı haqda qərar verəcəyik. Oyuna stadionda və ya televizor qarşısında baxan istənilən azarkeş hakimin qərarının düz, yoxsa səhv olduğunu texniki avadanlıqlar vasitəsilə bir neçə dəqiqə içində dəqiqləşdirə bilir. Hakimin isə belə hüququ olmur. 2018-ci ildə bu vəziyyətin davam etməsinə imkan verə bilmərik. Əgər referinin işinə kömək etmək mümkündürsə, bunu yerinə yetirməliyik”.
İnfantino yayda keçiriləcək DÇ-2018 haqda da fikir bildirib:
“Rusiyada dünya çempionatına hazırlıq prosesi çox yaxşı keçir. Bu ölkədə gözəl stadionlar, infrastruktur, hava limanları və otellər var. Düşünürəm ki, dünya yayda Rusiyanın timsalında dostcanlı ölkə görəcək. Futbol tarixində ən yaxşı mundiala şahidlik edəcəyik”.
Mənbə: apasport.az