Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 5-ci turun görüşləri keçirilib. 

Offsideplus.az xəbər verir ki, turun hər iki oyunu bu gün Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Voleybol Mərkəzində baş tutan 5-ci turun ilk qarşılaşmasında  “Azərreyl” klubu “Abşeron”la üz-üzə gəlib. Birinci dövrədə “Abşeron”u üstələyən “Azərreyl” ikinci görüşdən məğlub ayrılıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn Famil Ağayevin komandası sonrakı hissələri də aktivinə yazıb – 26:24, 25:17. Nəticədə “Abşeron” 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

Günün son matçında  isə “Murov” və UNEC kollektivləri üz-üzə gəliblər.  Bu görüşdə də qalib 3 setdə müəyyən olub. Vüqar Əliyevin komandası oyundan asan qələbə ilə ayrılıb. “Murov” ilk hissəni 25:09, sonrakı setləri isə 25:23 və 25:11 hesabları ilə qazanıb.

Beləliklə, 5 turdan sonra lider “Azərreyl”in 11 xalı, “Murov”un 10, “Abşeron”un 9 xalı var. Turnir cədvəlində sonuncu pilləsində yer alan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa

5-ci tur

6 fevral

“Azərreyl” – “Abşeron” 0:3 (21:25, 24:26, 17:25)

“Murov” – UNEC 3:0 (25:09, 25:23, 25:11)