Fevralın 10-da Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) və Azərbaycan İdmançıları İctimai Birliyinin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid idmançıların ailələrini çempionlarla ziyarət ediblər.
Offsideplus.az xəbər verir ki, görüşdə GİN-in idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, sektor müdirləri Aydın Məmmədov, Nicat Həsənov, Fikrət Hüseynov, AİJF-nin prezidenti Qabil Mehdiyev, idarə heyətinin üzvləri Sənan Şəfizadə, Elşən Məmmədov, eləcə də, Olimpiya mükafatçıları Zemfira Meftahətdinova, Elnur Məmmədli, Emin Əhmədov, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları Fərhad Acalov, Niyaməddin Paşayev, Nizami Paşayev, Rəşad Əhmədov iştirak ediblər.
Tədbir iştirakçıları şəhid idmançılar - cüdo üzrə beynəlxalq turnirin mükafatçısı Rüfət Əliyev, bodibildinq üzrə ölkə çempionu Muxtar Qasımlı, alpaqut, kontakt karate üzrə dünya, Avropa çempionatının qalibi Emil Şamilov, alpaqut üzrə dünya çempionu İlkin Məmmədov, “Zirə” PFK üzvü İlqar Burcəliyev, İdman Tennis Kompleksinin əməkdaşı Elvin İslamov, kosiki karate ölkə çempionu Tərlan Eyniyev, qol güləşi üzrə Bakı çempionatının mükafatçısı Ənvər İmanovun ailələrində olublar.
Görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi ədalətin bərpası olduğunu deyən Fərid Mansurov haqq-ədalət uğrunda gedən mübarizədə idmançıların da igidlik nümunəsi göstərdiklərini, Vətən uğrunda qəhrəmancasına şəhid olduqlarını bildirib. O, qeyd edib ki, xalqımız qəhrəmanlarımızın əziz xatirəsini həmişə uca tutacaq.
Qabil Mehdiyev 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını qeyd edərək Vətən müharibəsində qazanılmış böyük Qələbənin müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağını və gələcək nəsillərimiz üçün örnək təşkil edəcəyini bildirib. O, millətimizin, dövlətimizin qüruru və iftixarı olan şəhidlərin ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını və onların əziz xatirəsinin xalqımız tərəfindən daima anılacağını vurğulayıb.
Şəhid Rüfət Əliyevin ailəsi ilə görüşdə iştirak edən Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Səmədov bildirib ki, şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə, yaşadığı məhəllədə bulaq və barelyefin hazırlanması işləri bu yaxınlarda başa çatdırılacaq.
Görüşdə Olimpiya, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları olan idmançılar cəsarətin, qorxmazlığın, şərəfin, fədakarlığın simvollarına çevrilən şəhidlərin ruhu qarşısında baş əydiklərini bildiriblər.
Görüşlər zamanı şəhidlərin ailə üzvləri qəhraman övladlarının vətən sevgisindən, döyüşlərdə göstərdikləri rəşadətdən danışıb, onlarla qürur duyduqlarını bildiriblər.
Qeyd edək ki, idmançı şəhid ailələrini ziyarət növbəti aylarda da davam edəcək.