Azərbaycan şpaqaçısı Ruslan Həsənov Polşanın Torun şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Azərbaycan Qılıncoynatma Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, R.Həsənov qrup mərhələsindəki 6 görüşünün hamısını qalib kimi başa vuraraq, mütləq nəticə ilə "play-off"a yüksəlib.
1/64 finalda yunan Dimitrios Markisə 15:6 hesabı ilə qalib gələn gənc idmançı, ardınca rumıniyalı Adam Maskanı 15:10 hesabı ilə məğlub edib. Həsənov 1/16 finalda Niderland təmsilçisi Rendi Postmanı yolundan kənarlaşdırıb -15:8. 1/8 finalda isə o, israilli Stanislav Qalperə gücünü göstərib - 15:13. 1/4 finalda Macarıstan qılıncoynadanı David Nagi üzərində 15:11 hesablı qələbə qazanan Həsənov dünya birinciliyinin yarımfinalına yüksəlməklə, Azərbaycanın müstəqillik tarixində ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadan kimi tarixə düşüb.
Şpaqaçı yarımfinalda fransalı Artur Filippə 7:15 hesabı ilə uduzaraq, bürünc medala sahib olub.
Digər şpaqaçılardan qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Xalid Əliyev "play-off"da çinli Xuedonq Vanqa 10:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 6 görüşdən ikisində qalib gələn Barat Quliyev isə "play-off"da Küveyt idmançısı Əli Əlfadhliyə 13:15 hesabı ilə uduzub.
Daha öncə yeniyetmə sablyaçıların yarışında qrup mərhəsində keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan Murad Əkbərov çıxışını başa vurmuşdu.