Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin şərəfini qoruduğu "Eqnatiya" Albaniya kubokunun yarımfinalına vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, həmyerlimizin komandası bu gün 1/4 final mərhələsində "Byulis"i mübarizədən kənarlaşdırıb.

İlk oyunda səfərdən 3:1 hesablı qələbə ilə dönən "Eqnatiya" doğma azarkeşlər önündə matça arxayın çıxıb. Bu səbəbdən 24-cü dəqiqədə qapısında qol görüb. Lakin meydan sahibləri irəliləyən dəqiqələrdə toparlanaraq, sensasiyaya imkan verməyiblər - 2:2.

Zamiq Əliyev bu matçda 90 dəqiqə meydançada olub. O, 24-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Yarımfinalda rəqib "Vlajniya" olacaq.

Xatırladaq ki, 23 yaşlı müdafiəçi "Eqnatiya"ya ötən ilin iyulunda "Araz-Naxçıvan"dan keçib. Həmvətənimiz yeni komandasının heyətində bütün yarışlarda 30 dəfə forma geyinib.