"Dünya tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmayacağıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımda 63-ü uşaq, 106-sı qadın, 70–i yaşlı olmaqla  613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, 150 insan itkin düşüb, 1000-dən çox insan girov götürülüb. Bunları yaddan çıxara bilmərik. Bu, tək Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Dünya dövlətlərinin Xocalıda baş verənlərə hüquqi qiymət verəcəyinə ümid edirik".

Offsideplus.az verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı danışarkən deyib.

Ağdam klubunun rəsmi saytına fikirlərini bölüşən T.Gözəl Azərbaycan tarixinin unudulmaz yarasının heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb: "Uzun illər Qarabağ haqqında danışanda çətinlik çəkir, soyqırımı Xocalıdan kənarda anırdıq. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı şanlı qələbədən sonra Qarabağ barədə qürurla danışa bilirik. Artıq doğma torpaqlarımıza qayıtmışıq. İndi Xocalıda Azərbaycan bayrağı dalğalanır. Soyqırım gününü Xocalıda günahsız qurbanların xatirəsini anaraq qeyd edə bilirik. Əminəm ki, indi şəhidlərimizin ruhu şaddır".

"Qarabağ"ın torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərimizin təsəllisi olduğunu söyləyən Tahir Gözel klubun fərqli məsuliyyət və missiya daşıdığını bildirib: “Qarabağ adı bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib. Biz bu adı Avropada layiqli şəkildə təmsil etməyə, ucaltmağa çalışmışıq. Elə qarşılaşmalar olub ki, biz məğlubiyyətlə üzləşmişik, amma döyüşkənliyimizi və iradəmizi heç vaxt itirməmişik. Bu əzmin arxasında Qarabağ adı və xalqımızın bizə olan inamı və sevgisi dayanır. Azərbaycan futbolunun liderinə çevrilən komandamız avrokuboklardakı nəticələri ilə həm azarkeşlərimizi sevindirib, həm də Qarabağ adını yüksək səviyyədə təmsil edib. Hədəfimiz və məramımız dəyişmir: bundan sonra da Qarabağ adını Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.