"Bura gələndən sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FIFA-nın yeni layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm".

 
Offsideplus.az report.az-a istinadən bildirir ki, bunu Bakıda səfərdə olan braziliyalı ikiqat dünya çempionu Kafu jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. 
 
Veteran futbolçu digər sualları da cavablandırıb...
 
- "Qarabağ" Avropa Liqasında "Arsenal" və "Sportinq" kimi komandalarla rəqabət apara bilərmi?
 
- Meydanda olanda hər şey özündən asılıdır. İlk öncə özünə inanıb meydana çıxmalısan. Hər bir komanda müsbət nəticə qazana bilər.
 
- Sabiq komandanız İtaliya "Roma"sının ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdiyi oyunlara baxmısınız? 
 
- Təəssüf ki, həmin oyunu izləyə bilməmişəm. 
 
- Azərbaycanda çıxış edən braziliyalı oyunçulardan kimisə tanıyırsınız? 
 
- Braziliyalı futbolçular dünyanın hər yerində çıxış edir. Bu, sevindirici haldır.
 
- Uzun müddətdir braziliyalı oyunçular dünyanın ən yaxşı futbolçusu seçilə bilmir. Neymar bu uğursuz ənənəyə son qoya bilərmi?
 
- Neymar böyük oyunçudur. İnanıram ki, o növbəti dünya çempionatlarında Braziliya yığmasının uğur qazanmasına töhfə verəcək. Neymar gələcəkdə "Qızıl top" ala bilər.