"Qarabağ" klubunun martın 26-da Bakıda "Qalatasaray"la keçirdiyi xeyriyyə matçından (1:2) yığılan vəsaiti Türkiyəyə göndərməkdə yubanması barədə xəbər dərc etmişdik.
Məlumatda toplanan məbləğin vergi məsələlərinə görə qardaş ölkəyə göndərilməsinin gecikdiyi qeyd olunmuşdu.
Mövzu ilə bağlı Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunun vergi məsələləri ilə bağlı olmadığını bildirdi. Abbaszadə, gecikməyə səbəb kimi ödəmələrin tam olaraq "Qarabağ"ın hesabına köçürülmədiyini göstərdi:
"Xeyriyyə matçında toplanan vəsaitin vergi məsələlərinə görə yubanması barədə yayılan xəbər həqiqəti əks etdirmir. Əksinə, Dövlət Vergi Xidməti bununla bağlı bizə istənilən dəstəyi göstərir. Fürsətdən istifadə edib, quruma təşəkkürümüzü də bildiririk. Məbləğin Türkiyəyə göndərilməsində yaranan gecikmənin səbəbi isə ödəmələrin tam olaraq "Qarabağ"ın hesabına köçürülməməsi ilə bağlıdır. Əvvəlcədən də qeyd etmişdik ki, bu oyunda təkcə bilet satışından yox, meydançanın kənarındakı banner reklamlarından, eləcə də, teleyayımdan əldə olunan gəlirlər də ianə olunacaq. Hətta CBC Sport rəhbərliyi oyun ərzində yayımlanan reklamlardan gələcək gəlirlərin də qardaş ölkəyə bağışlanacağını bildirmişdi. Bildiyiniz kimi, oyunun keçirildiyi ərəfədə Novruz bayramına görə qeyri-iş günləri idi. Buna görə də, bəzi ödəmələr "Qarabağ"ın hesabına tam köçürülməyib. Gələn həftənin ilk günlərində artıq bu problem öz həllini tapacaq və biz ümumi məbləği Türkiyəyə göndərəcəyik. Söz verdiyimiz kimi, toplanan vəsaiti şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq".
Qeyd edək ki, bu barədə məlumatı "Pressing.az" saytı yayıb.
Offsideplus.az