Yunanıstanın "Olimpiakos" klubu futbolçusu Mamadu Kaneni icarəyə verib.

Offsideplus.az Kiprin "Goal.philenews" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını "Pafos"da davam etdirəcək. Razılaşmaya əsasən, qvineyalı oyunçu mövsümün sonunadək Kipr təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Mamadu Kane 2019 - 2021-ci illərdə "Neftçi"də çıxış edib. Afina təmsilçisi 2021-ci ilin yayında futbolçunu 300 min avro qarşılığında transfer edib. "Olimpiakos"la 4 illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsasında "ağ-qaralar"da oynayıb. O, 2020/2021 mövsümündə "Neftçi" ilə ölkə çempionu olub. Kane paytaxt təmsilçisi ilə bütün turnirlərdə 71 oyun, transfer olduğu Yunanıstan klubunun heyətində isə bütövlükdə 7 matç keçirib. Futbolçu 2020-ci ilin noyabrında debüt etdiyi Qvineya millisində isə indiyə qədər 11 oyunda iş başında olub.