Milli olimpiya komitəsi və “CBC Sport” kanalı yeni layihəyə - “Olimpiya günləri” verilişinə start verib.
Offsideplus.az xəbər verir ki, tamaşaçılara tam fərqli formatda təqdim olunan proqramda olimpiya oyunlarında iştirak tariximiz, olimpiyaçılarımızı qələbəyə aparan yolu, tanınmış idmançılar, eləcə də komitə və federasiya rəhbərləri yer alacaqlar.
Bundan savayı, beynəlxalq olimpiya hərəkatının görkəmli nümayəndələri, həmçinin idmanla məşğul və ya bağlılığı olan tanınmış simalarla maraqlı söhbətlərin planlaşdırıldığı proqramın tək idman ictimaiyyəti üçün deyil, bütün televiziya tamaşaçıları üçün cəlbedici olması nəzərdə tutulub.
Proqramda olimpiya növləri ilə bağlı yeniliklər və maraqlı hadisələr haqqında məlumat veriləcək, idmançılarımızın gündəlik həyatı, məşqləri, maraq dairələri ilə bağlı mövzulara toxunulacaq.
Tamaşaçılar üçün hədiyyəli viktorinaların təşkil olunacağı proqram həftənin şənbə günü saat 12:00-da yayımlanacaq.