Bu gün AFFA Azad Həmkarlar İttifaqının sədri seçilən Nazim Süleymanov iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Brifinqdə Süleymanov əvvəlcə ittifaqın mahiyyətindən danışıb:
- Təbriklərə görə hər kəsə dərin təşəkkürümü bildirirəm. Biz əvvəllər təsis qrupu yaratmışdıq və onunla fəaliyyət göstərirdik. Ondan sonra AFFA-nın baş katibi ilə görüşdük. Görüş zamanı məlum oldu ki, AFFA-da Azad Həmkarlar İttifaqı yoxdur. Bölgələrə gedərək futbol ictimaiyyəti ilə görüşdük və onların problemlərini dinlədik. Düşündük ki, AFFA Həmkarlar İttifaqını yaradaq.
- Bununla bağlı AFFA-dan razılıq alınıb?
- Ulu öndərimiz Heydər Əliyevin imzaladığı qanunda qeyd olunub ki, Həmkarlar İttifaqı heç kimdən icazə almır.
- Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov mətbuata bu iclasa dəvət olunmamaları barədə açıqlamalar veriblər. Bu şəxslər yeni yaradılan ittifaqa yaxşı münasibət bəsləmirlər.
- Sizə sual vermək istəyirəm ki, Həmkarlar İttifaqı və ya digər təşkilatlar eynidirlər? Bunlar fərqlidir. Əgər fərqlidirsə, deməli biz bir-birimizə dəstək olmalıyıq. Başqa təşkilatlar haqqında danışmaq fikrində deyiləm. Bu gün biz AFFA Azad Həmkarlar İttifaqını təsis etdik. Bu daxili təşkilatdır. Kim ittifaqın üzvüdürsə, onlar dəvət olunub. Yalnız AFFA-nı dəvət etdik. Ona görə də biz Həmkarlar İttifaqı və AFFA-dan başqa heç kimə dəvət göndərməmişik.
- Gələcək fəaliyyətinizlə bağlı nə deyə bilərsiz?
- Bu haqda geniş olaraq danışmışıq. Məqsədimiz inkişaf etmək, bölgələrdə bu komitəni yaratmaq, sıralarımızı genişləndirməkdir. Bu gün üzvlərimizin sayı 150-dən çoxdur. Ona görə çalışırıq ki, Azərbaycan futboluna xidmət edək. Azərbaycan futbolunda olan haqsızlıqlara qarşı futbol ictimaiyyətində çalışan insanların hüquqlarını qoruyan təşkilat olmalıdır. Biz də bu təşkilatı yaratdıq ki, həmin şəxslərin haqq və hüquqlarını qoruyaq.
- Təşkilatın iş yükü nə qədər olacaq və hansı səlahiyyətlərə malikdir?
- AFFA-ya bizə yer vermələri ilə bağlı müraciət edəcəyik. AFFA-nın nəzdində fəaliyyət göstərən qurum kimi, assosiasiya bizə məhdudiyyət yox, fəaliyyət göstərməyimiz üçün şərait yaratmalıdır.
- Əgər AFFA buna şərait yaratmayıb, əvəzində özü belə təşkilat yaratsa, necə olacaq?
- Biz ictimai təşkilatıq. İctimai təşkilat nə deməkdir? Bu hamımızın təşkilatıdır. Çalışıb Azərbaycan futboluna xidmət etmək üçün burdayıq.
- Bölgələrdə ittifaqın nümayəndəliklərin olacağı ilə bağlı fikir səsləndirdiniz. Bu yöndə işlərə başlanılıb?
- Videoslaydda bölgələrdə keçirdiyimiz görüşlərə baxdınız. Bu görüşlər davamlı olacaq. Həmkarlar İttifaqını təsis etdik. Bundan sonra isə bölgələrdəki komitələrimiz ilə görüşüb onlara da sədr təyin edəcəyik.
- Söz-söhbət var ki, Nazim Süleymanov artıq futbol idarəçiliyində özünü göstərmək istəyir və funksioner kimi bu istiqamətdə addımlar atır.
- İdarəçilik deyəndə ki, mən “pro” kateqoriyalı məşqçiyəm. Vaxtilə futbol oynamışam. Sabah mənə təklif gələrsə, gedib məşqçi kimi işləyəcəm. Bu gün Azərbaycan futbolunda bu təşkilatın yaranması zəruri idi. Futbol ictimaiyyətində çalışan hər kəsin- futbolçu, həkim, massajist, məşqçilərin hüquqlarını qorumaq üçün bu təşkilatı yaratdıq.(qol.az)