İki legionerimizin formasını geyindiyi komandanın matçında 12 qol vurulub.

Offsideplus.az Sportal.az-a istinadən xəbər verir ki, futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 18-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda Praqanın digər təmsilçisi “Dukla” ilə qarşılaşıb. Futbolçularımızın klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 4:8.

Fəridlə Rövlan da bu görüşün iştirakçısı olub. Yenicə Praqa klubuna transfer edilən Muradov debüt etdiyi bu matça start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. U-19 millimizin kapitanı olan Fərid isə 56-cı dəqiqədə meydana çıxıb. Bundan cəmi 2 dəqiqə sonra futbolçumuz qol da vurub.

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 29 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 6-cı sırada qərarlaşıb.