“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”ə qarşı keçirəcəkləri cavab görüşündə komandasının qalib gələcəyinə əmindir.
Offsideplus.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında komandanın ilk oyundakı səhvlərdən nəticə çıxardığını bildirib.
Dambrauskas qeyd edib ki, qarşılaşmanın ilk matçda əldə olunan nəticənin davamı kimi qiymətləndirilməsi mümkündür:
“Buxarestdəki oyunun davamını keçirəcəyik. Həmin görüşdə yol verdiyimiz səhvlərdən nəticə çıxarmışıq. Hazırda bir top fərqi ilə geridəyik. Azarkeşlərimizə hazır olduğumuzu demək istəyirəm. İnanıram ki, sabah qələbə qazanacağıq”.
“Sabah”ın çalışdırıcısı avrokubokların əsas mərhələsində iştirak təcrübəsinə də toxunub. O, həmin təcrübədən yararlanaraq komandanı yenidən növbəti mərhələyə daşımağa çalışacağını vurğulayıb:
“Daha əvvəl də liqa mərhələsinə vəsiqə qazanmışam. Təcrübəmdən istifadə edərək bunu yenidən etməyə çalışacağam. Düşünürəm ki, hazırda yaxşı vəziyyətdəyik. İkinci və üçüncü təsnifat mərhələlərindən mübarizəyə başlayan bəzi komandalar bunu bacarmadı. Hazırda 1:0 hesabı rəqibin xeyrinədir və onlar bu üstünlükdən yararlanmağa çalışacaqlar. Rəqibi analiz etmişik. Mənim bütün diqqətim sabahkı oyundadır”.
Qeyd edək ki, “Sabah” – “Hapoel” görüşü avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Buxarestdəki ilk qarşılaşmada İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.


