"Çox gərgin oyun alındı. Hesabı açsaq da, rəqib status-kvonu bərpa elədi. Son dəqiqələrdə Zirə də təzyiqi artırmışdı. Düşünürəm ki, komanda ruhu göstərdik. Sona qədər mübarizə apardıq və bunun bəhrəsini uzatma dəqiqələrində gördük". 

Offsideplus.az xəbər verir ki, bu sözləri Sabah-ın futbolçusu Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının 9-cu turunda Zirə-yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün Sabah-ın bəxti gətirdi, yoxsa fərqli oyun nümayiş etdirdiniz?

- Qolları nəzərə tutursunuzsa, belə deyil. Hamısı düşünülmüş şəkildə vurulur. Oyun baxımından nəinki bizim, “Zirə”nin də bəxti gətirdi. Bu, futboldur, oynayırsan, amma bəxt də olmalıdır. Şans gözəl şeydir. Bu gün xarakter göstərdik. Əsas oyunçumuz Marko Deviç zədəlidir və həm də bu gün 35 yaşını qeyd edir. İstədik ki, ona qələbə həsr edək. Bu qələbə onun üçündür.

- Düşünmürsən ki, “Sabah” Marko Deviçdən asılıdır. Bu gün də yoxluğu hiss olunurdu.

- Xeyr, mən elə düşünmürəm. “Sabah” bir futbolçudan asılı deyil. Bunu Elşad müəllim də deyir. Bu gün bunu göstərdik. Marko, Cavid, Kvaşuk olmasın, fərqi yoxdur, əzmkar oynayırsansa, qələbə qazana bilərsən.

- "Səbail” 6 xalı texniki qələbələrin sayəsində qazanıb. Bu gün siz qalib gələrək onlara çatdınız. Baxmayaraq ki, bu rəqibdən 5 xal öndə olmalı idiniz. Turnir cədvəlinə baxanda düşünmürsünüz ki, onlardan öndə olmalı idik, amma xallarınız eyni idi.

- "Səbail”in bəxti gətirdi, amma kölgə salmaq istəmirəm. Öz komandamızı düşünürük, oyunlarımıza köklənmişik. Nə qədər çox xal toplasaq, bizim üçün yaxşıdır. Başqa komandalara ümid bağlamırıq.

- Avrokuboklar zonasında qərarlaşmısınız. Lakin məlum səbəblərə görə “Sabah” Avropa səhnəsinə çıxa bilməz. Bu amil komandaya necə təsir edir?

- Bu, bir tərəfdən müsbətdir. Qış fasiləsinə kimi nə qədər çox xal toplasaq, o qədər yaxşıdır. Premyer Liqada qalmaq istəyirsənsə, yuxarı yerlərdə olmalısan. Elə ola bilər ki, çempionatın son 5 turunda məğlub olarsan. Ötən mövsüm “Sumqayıt”da son 5 turda qalib gəlmədik və avrokubok şanslarımızı əldən verdik. Xalın çox olsa, Premyer Liqada qala bilərsən. Ona görə də bacardığımız qədər çox xal toplamalıyıq.(qol.az)