“Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib.

Offsideplus.az xəbər verir ki,  komandanın çempionluq uğrunda mübarizə apardığını bildirən fransalı futbolçu bu yolda əsas rəqiblərimizin “Qarabağ” və “Qəbələ” olacağını deyib.

- Baqali, “Keşlə” ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiniz?
- Belə matçlarda qalib gəlmək ikiqat vacibdir. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi üç xal idi, onu da qazana bildik.

- Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusuz?
- Sözün düzü, yadımda deyil. “Keşlə” hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.

- Komandaya tam uyğunlaşdığınızı demək olarmı?
- Təbii. Özümü burada əla hiss edirəm.

- Hazırda “Neftçi”nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdir?
- Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridir. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdir.

- “Zirə” ilə oyundan nə gözləyirsiz?
- Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.

- 4 turan sonra lider mövqeyində qərarlaşan “Neftçi” çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandamızın ən böyük rəqibləri kimlər olacaq?
- Tam razıyam ki, “Neftçi” bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparır. Məncə, əsas rəqiblərimiz “Qarabağ” və “Qəbələ” olacaq.