"Komandamın oyunundan razı qaldım. Bu, futboldur. Bu gün çox bəxtsizlik oldu. Hesab 3:0, 4:0 olmalı idi, amma 1:1 oldu".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 14-cü turunda bu gün "Araz-Naxçıvan"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesablı heç-heçə belə şərh edib: "Bəzən futbol səni cəzalandırır. Belə davam etməliyik, düzgün yoldayıq. Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 olacaq oyunu, bir xalla bitirdik. Yaxşı dəyişikliklər etdik. Sonradan meydana daxil olanlar öz işlərini yaxşı yerinə yetirdilər. Son saniyələrdə "Araz-Naxçıvan"ın qapımıza vurduğu qola baxıb, bir daha analiz etdim. Fərqli prizmadan baxdım, Taktiki heç bir səhv yox idi. Çünki oyunçular meydanda düzgün mövqe seçmişdilər. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı. Məni bu gün məyus edən yalnız hesabdır. Bu, adamı içəridən "yandırır", adama toxunur. Hamınız oyuna baxdınız. Siz də qəbul edərsiz ki, komanda yaxşı oynadı. Həftəboyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi".

Mutu komandada müəyyən dəyişikliklər olacağını bildirib: "İdman direktorumuzla bu barədə söhbətimiz olub. Komandanı necə yaxşılaşdıra biləcəyimizi düşünürük. Dekabrda bəzi dəyişikliklər olacaq".