"Eminə verilən sual düzgün deyil. Heç kim deyə bilməz ki, mübarizə aparmırıq, meydanda ürəyimizi qoymuruq. Güclü rəqiblərə qarşı oynayırıq. Belə matçlarda uduzmaq normaldır. Təbii ki, səhvlər olur və bu, bizə baha başa gəlir. Azərbaycan millisi tarixində ilk dəfədir ki, 5 komandanın yer aldığı qrupda 4-cü yerdədir. Belə bir şey heç vaxt olmayıb".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində İsveçlə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Burada çalışdığım üç il ərzində təbii ki, inkişaf çox olub. Bu, özünü meydanda göstərir. Hər oyunda maksimumumuzu veririk. Mənə də xoş olar ki, hər qarşılaşmada qələbə qazanaq. Amma belə rəqiblərlə matçlarda bu, mümkün deyil. Avstriya və Belçika ilə görüşlərdə son dəqiqələrə kimi mübarizə aprdıq. Avstriyaya son saniyələrdə qol da vura bilərdik. Yalnız futboldan başı çıxmayan adam deyə bilər ki, əlimizdən gələni etmirik" - deyə o bildirib.

Müəxəssis 27 futbolçuya dəvət göndərməsinin səbəbi haqda da danışıb: “Heyətdə yalnız Emil Səfərovun ayağında problem var. Bu barədə “Qəbələ”nin baş məşqçisi ilə danışmışam. Əla futbolçudur, gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabah oynamayacaq. Belçika ilə matça hazır ola bilər. Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacağam. Hər iki qarşılaşmada gücümüzü 110 faiz meydanda qoymalıyıq. 27 nəfər çağırmağımın səbəbi odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq”.

De Byazi deyib ki, sabah udsalar, riyazi olaraq İsveçə çatacaqlar: "Qələbə üçün əlimizdən gələni edəcəyik. Hamıdan qol gözləyirəm, tək hücumçulardan yox. Bu, mental məsələdir. Təbii ki, hücumçular qapıya daha yaxın oynayır, onlar qol vurmağa daha yaxındır".