"Emosional oyun alındı. Güclü rəqibə qarşı oynayırdıq. Qarşımızda matça aqressiv başlayan rəqib var idi. "Sabah"la səfər oyunundan üç xal götürmək ekstra qazanılan xallardır. Bu bizi çox sevindirir. Artıq önümüzdəki matçlara baxacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunda bu gün səfərdə "Sabah"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis, 1:0 hesablı qələbəni belə şərh edib: "İlk yarıda daha çox müdafiə olunurduq, rəqib hücumlar qururdu. Çoxsaylı standart vəziyyətlər oldu. Dönən toplar, zərbələr komanda üzərində basqı yaratdı. İlk hissənin sonunda rəqib emosional addım atdı və qırmızı vərəqə qeydə alındı. Bundan sonra say üstünlüyümüz yarandı. İkinci hissədə komandamız say üstünlüyündən yaxşı istifadə etdi. Aydın məsələdir ki, 10 nəfərlə 11 futbolçuya qarşı oynamaq daha çətindir. Şükürlər olsun ki, ondan istifadə edərək sonda çox vacib üç xal qazandıq. Futbolçularımı təbrik edirəm. Hesabın bərabərə bitməsi də mümkün idi. Lakin son dəqiqədə fərqləndik".

O, "Qarabağ"la liderliy mübarizə haqda düşünmədiklərini bildirib: "Meydana çıxıb xal qazananda, sırf liderlik üçün etmirik. 24 xal qazanmışıq, amma geriyə boylananda rəqiblərin yaxında olduğunu görürük. Biz bu dəqiqə liderliyə və ya birinci pilləyə köklənməmişik. Hər oyuna çıxırıq ki, xal və ya xallar qazanaq. Oyunun harada olmasından, rəqibin kimliyindən də çox şey asılıdır. "Sabah"la oyunda bir xal da qazansaydıq, bizim üçün yaxşı nəticə sayılacaqdı. Təbii ki, say üstünlüyü olduğundan istədik bunu nəticəyə yansıdaq, üç xal qazanaq. Amma dünən "Qarabağ" qalib gəlib deyə, bu gün biz mütləq qalib gəlməliyik fikirləri absurd olardı. Özü də "Sabah"la oynayırdıq. Bu, komanda üzərində əlavə yük və stress deməkdir. Sırf matça köklənmişdik. Bilirdik ki, "Sabah" böyük istəklə oynayacaq. Aramızda 8 xal fərq var. Son matçda da yaxşı oynayaraq "Neftçi" üzərində qələbə qazanmışdılar. Hər halda, biz sonda qolumuzu vurub üç xalı qazanmağı bacardıq".