"İki fərqli hissə izlədik. İlk hissədə komandamız daha yaxşı oynadı. Çalışdıq ki, qol vuraq, alınmadı. Təbii örtükdə məşq etdiyimiz üçün bu gün komandada yorğunluq yarandı. Süni örtük öz təsirini göstərirdi. "Zirə" çempionatda ən az top buraxan komandadır. Oyunun ədalətli nəticəsi heç-heçə idi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 10-cu turunda “Zirə” ilə qolsuz başa çatan oyundan sonra deyib.

O, yalnız iddialı komandalardan xal almalarının səbəbini belə izah edib: “Maliyyə baxımından hamıdan geri qalırıq. Özüm də özümə sual verirəm ki, necə olur liderlərdən xal götürürük, daha asan rəqiblərdən isə xal ala bilmirik. Komandanın 80 faizi yenilənib. Futbolçuların adaptasiya alması üçün vaxt lazım olur. Bu proseslərdən keçirdik. İkinci dövrədə daha fərqli "Kəpəz" olacağıq”.

O, Qəbələdə yox, Tovuzda oynamarı barədə də söz açıb: “Bəli, qeyd etmişdim ki, Qəbələdə oynasaq, daha yaxşı olar. Süni örtükdə bizim üçün çətin olur. Sadəcə Tovuzda daha az xərcimiz çıxır. Tovuzun üstünlüyü odur ki, bizə daha yaxındır”.