"Canni de Byazi millinin baş məşqçi postundan göndəriləcəyi təqdirdə, bu vəzifədə çalışmağa layiq olan xeyli yerli mütəxəssis var. Ad çəkmək istəməzdim, lakin bu işin öhdəsindən uğurla gələcək yerli çalışdırıcılar var".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, 2013-2017-ci illər aralığında yığmamızın baş məşqçisinin köməkçisi, son olaraq isə "Səbail" klubunun "sükanı arxasında" olmuş Mahmud Qurbanov deyib.

Mütəxəssis Azərbaycan millisinin baş məşqçi postuna dəvət alacağı təqdirdə, bu təklifi məmnuniyyətlə qəbul edəcəyini söyləyib:

"Milli komandanın baş məşqçisi olmaq hər bir çalışdırıcı üçün əsas prioritetdir. Əlbəttə, əgər mənə təklif gəlsə, bunu məmnuniyyətlə qəbul edərəm. Bu, mənim üçün qürurverici olar. Ümumiyyətlə, hər bir yerli məşqçinin arzusudur ki, yığmanın baş məşqçisi olsun".

Onu da diqqətinizə çatdıraq ki, Qurbanov 2014-cü ildə müvəqqəti olaraq Azərbaycan millisini çalışdırıb.

Offsideplus.az