"Kəpəz"lə oyun çətin keçdi. Bilirdik ki, rəqibə də xal hava-su kimi lazımdır. Diqqətlə oynayıb vacib qələbə qazandıq. Azarkeşlərimizi sevindirdiyimiz üçün xoşbəxtik".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov deyib.

"Gənclik şəhəri" təmsilçisinin mərkəz müdafiəçisi ilk dövrəni komandası üçün normal keçdiyini vurğulayıb:

"Daha çox xal toplaya bilərdik. Yeni yığılan komanda olduğumuzu nəzərə alsaq, birinci dövrə komandamız üçün normal keçdiyini demək olar".

28 yaşlı oyunçu bəzən oyunu ilə azarkeşlərin tənqidinə tuş gəlməsinə də münasibət bildirib:

"Tənqidlərə normal yanaşıram. Hər kəsin öz fikri var. Mən hər oyunda əlimdən gələnin artığını etməyə çalışıram".

Bədəlov komandasının hədəflərindən söz açıb:

"Hədəfimiz oyundan oyuna yaxşı oynayıb, maxsimum xallar qazanmaqdır. Nəticəyə isə mövsümün sonunda baxacayıq. Əlbəttə ki, kuboku da qazanmaq istəyirik".

O, milliyə dəvət almaması barədə də danışıb:

"Milliyə çagrılmamağımı normal qarşılayıram. Deməli üzərimdə daha çox çalışmalıyam ki, növbəti dəfə təklif alım. Millimizə hər iki oyunda uğurlar arzulayıram".

Nuh Tarverdiyev