Misli Premyer Liqasının 9-cu turunun "Sumqayıt" - "Kəpəz" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Vacib oyun idi. Xal ehtiyatımızı çoxaltmaq istəyirdik, qələbə üçün gəlmişdik. Uşaqlar ilk hissədə çox yaxşı oynadılar. Fasiləyə qədər biz üstün olduq. İkinci hissənin əvvəlində üstünlüyü rəqibə verdik. Qoldan sonra oyunu ələ alsaq da, alınmadı. Rəqibi təbrik edirəm.

- Qələbə üçün nə çatmadı?

- Müdafiə planında problemimiz yoxdur. 13 qol buraxmışıq və bizim kimi komanda üçün normaldır. Lakin 8 oyuna 5 qol vurmuşuq. İrəlidə oynayanlar artırmalı, qollar vurmalıdır. Müdafiədən çıxırıq, amma irəlidə imkanlardan yararlana bilmirik. Həm ustalıq çatmır, həm də keyfiyyət.

- Bu hücumçular ötən mövsüm yaxşı oynamışdılar.

- Etiraf edək ki, ötənilki "Şamaxı" da yoxdu, "Səbail" də. Komandalar güclənib. Görünən odur ki, güclü komandalara qarşı bir az daha artırmaq lazımdır.

- Futbolçularınız vaxtı aparırdı. Bu, taktiki gediş idi?

- Bu məsələ mətbuatda geniş yayıldı. Murad Musayev biz haqda belə demişdi, sonra bildirdi ki, oyunun sonlarını nəzərdə tuturdu. Etiraf da böyük şeydir. Geridə olduğumuz oyunda niyə vaxtı aparaq? Və ya üstünlük bizdədirsə, niyə yerə yıxılaq? Vaxtı apardığımızı düşünmürəm, elə bir tapşırığımız da olmayıb. Bəzi anlarda irəlidəyik və oyunçumuz yerdə olarsa, həkimi meydana salıb, tempi də aşağı sala bilərik. Lakin bu gün belə bir fikrim, tapşırığım olmayıb.

- Vurğun Hüseynov növbəti dövrə meydanda görəcəyik?

- Bəli, ona inamımız böyükdür. İki mərkəz müdafiəçimiz stabil oynayır, indi onları dəyişsəm, ədalətsizlik olar.

- Rəqiblərin gücləndiyini dediz. Artıq sizə asan rəqib kimi baxırlar. Bu, sizə əlavə motivasiya verir, ya təzyiq yaradır?

- "Sumqayıt" səhv etmirəmsə, ötən mövsüm 16 oyun qələbə qazana bilməmişdi. Düzdür, bu il "Kəpəz"ə zəif gözü ilə baxırlar. İkinci dövrədə daha yaxşı olacağımıza və xallar qazanacağımıza inanıram.

- İlk dövrədə "Qarabağ", "Sabah" və "Neftçi"dən xal almısız. İddialılarla oyuna daha yaxşı motivasiya ilə çıxırsız...

- Böyükhesablı məğlubiyyətimiz bircə "Səbail"ə qarşı olub. Digər nəticələr bir fərqlə qeydə alınıb. Biz asan təslim olan komanda deyilik. "Qəbələ"də köklü dəyişikliklər oldu və özlərini toparlamaq üçün vaxta ehtiyacları var idi. Bizdə də elədir, ötən mövsümdən 5-6 oyunçu var. Düşündüyümüz heyəti hələ oynada bilməmişik. Vaxta ehtiyacımız var. İstədiyimiz "11-liy"i hələ meydama buraxa bilməmişik. Hər matça belə hazırlaşırıq, hər şeyə rəğmən, bugünkü oyun gələcəyə ümid verdi, inkişaf ola, xallar qazana bilərik. Bizə uyğun olan komandalardan xallar götürməyə borcluyuq və inşallah, edəcəyik.