"Danışılası çox şey yoxdur. Səbəb odur ki, evdə məğlubiyyət seriyası davam edir. Təəssüflər olsun ki, artıq 4 matçdır Gəncədə uduzuruq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məçqçisi Azər Məmmədov Misli Premyer Liqasının 8-ci turunda bu gün evdə "Qəbələ"yə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Açığını desəm, bu görüşə çox yaxşı hazırlaşmışdıq. Uşaqlar əllərindən gələni etdilər ki, məğlub olmayaq. Sadəcə, olmayanda olmur. Bizim üçün 6 xallıq oyun idi. Çalışırdıq ki, ən azından "Qəbələ"yə uduzmayaq".

Baş məşqçi növbəti dəfə azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib: "Məni, sadəcə məğlubiyyət narahat edir. Çünki həqiqi "Kəpəz" azarkeşləri qələbəyə layiqdir. 4 oyundur olan məğlubiyyəti həqiqi azarkeşlərə yaşatdığımız üçün mən çox narahatam. İstefa şüarı burada işləyən bütün məşqçilərə səsləndirilib. Komandanın rəhbərliyi mənə güvənib. Mən çalışacam ki, onu doğruldum. Bu gün sonuncu pilləyə düşdük. Amma bizim gücümüz var. Hər komandada belə periodlar olur. Mən inanıram ki, yaxşı olacaq".

A.Məmmədov elitada qalmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Çempionat davam edir. Futbolçulara güvənirəm. Çempionatın sonuna qədər də bu komanda ilə elitada qalmağa səy göstərəcəyik".