“Füzuli”nin baş məşqçisi Amit Quluzadənin Offsideplus.az saytına müsahibəsi.

- Son turda "Dinamo" üzərində çətin qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiz?


- Gözlədiyimizdən daha çətin görüş alındı. "Dinamo"nun əvvəlki oyunlarına baxanda çempionatın ən hərəkətli komandalarından biri olduğunu görmüşdüm. Matç bizim istədiyimiz kimi gedirdi. Oyunun ikinci hissəsində səhvlərimizdən qollar buraxdıq. Buna baxmayaraq futbolçular əzmkarlığı sayəsində altı dəqiqəyə üç qol vurub, qələbə qazandıq.

- Turnir Cədvəlində 3-cü yerdə qərarlaşmısız. Komandanın potensialı hansı yerlər uğrunda oynamağa imkan verir?

- Turnir cədvəlində hansı mövqeydə olmağımıza baxmıram. Futbolçularama bildirirəm ki, mənim üçün əsas qalib gəlməkdir. Mövsümün sonunda istədiyimizə nail olsaq, turnir cədvəlinə baxarıq.

- Mövsüm üçün komandanın qarşısına hansı hədəf qoyulub?

- Heyətdə gənc futbolçular var. Məqsədimiz Azərbaycan futolu üçün oyunçular yetişdirməkdir. Klub olaraq böyümək istəyirik.

- "Füzuli"də sizə oynayan məşqçi kimi təklif olunsa da, bundan imtina etmisiz. İmtina etməyinizin səbəbi nə oldu?

- Xroniki zədələr mənim futbol oynamağıma imkan vermir. Ona görə də, futbolçu karyeramı bitirdim. Öz dostlarımla da futbol oynaya bilmirəm. Komandanın direktoru Vasif İsmayılovdan təklif gələndə bildirdim ki, yalnız baş məşqçi ola bilərəm.

- Komanda maaşla bağlı problem yaşamır ki?

- Bu günə qədər futbolçulara nə vəd vermişiksə, hamısı yerinə yetirilib. Hər-hansı futbolçu ilə maddi baxımdan problem yaşamırıq.

-Çempionatda əksər komandalar oyunçu azlığından şikayət edir. Sizdə belə problem varmı?

- Əlimdə olan futbolçulara güvənirəm. Bugünkü gün üçün başqa oyunçuya ehtiyyac görmürəm. Belə komanda ilə işlədiyim üçün fəxr edirəm.

Nuh Tarverdiyev