“Sumqayıtda oynamaq həmişə çətindir. Rəqib start fitindən etibarən təzyiq edirdi. İlk 15 dəqiqə bizim üçün çox çətin keçdi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 7-ci turunda səfərdə “Sumqayıt”a qarşı keçirilən oyundan (0:0) sonra deyib.

O, qolsuz heç-heçəni belə şərh edib: “Sevinirəm ki, komandam günü-gündən yüksək tempə dözür, daha diqqətli oynayır. 15-ci dəqiqədən sonra oyun bərabər səviyyədə keçdi. Yaxşı hücumlar qurduq. Qol epizodlarımız da var idi”.

A.Abbasov komandasının qol epizodlarını qaçırmasını qeyd edib: “Təəssüflər olsun ki, ardıcıl ikinci matçda yaxaladığımız real qol şanslarını boşa veririk. Deməli, bunun üzərində daha çox işləməliyik. Bu gün açıq oyun getdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Elə oyun idi ki, uda da bilərdik, uduza da”.

“Turan Tovuz”un baş məşqçisi azarkeşlərə təşəkkürünü bildirib: “Xal itirə bilərik, amma bu tempi qorumalıyıq, yolumuza davam etməliyik. Uğur əldə etmək üçün hardansa başlamalıyıq. Ardıcıl 3 matçda komandamın yüksək tempdə çıxışını izləmək xoşdur. Azarkeşlərə təşəkkür edirəm. Bu gün onlar möhtəşəm idilər”.