Misli Premyer Liqasının VI turunun "Araz-Naxçıvan" - "Neftçi" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

- Çətin oyun olacağını bilirdik. "Neftçi" adlı-sanlı, nəhəng klublarımızdandır. "Neftçi"yə qarşı oynamaq həmişə çətindir, bunu uşaqlara bildirmişdik, oyuna hazırlaşmışdıq. Boşluqlarımız vardı, bir az həyəcan vardı. Lakin şükürlər olsun ki, qələbə bizim oldu. Futbolçularıma təşəkkür edirəm.

- Rəqib baş məşqçi bildirdi ki, 10 nəfərlə müdafiə olunan komandaya qarşı oynamaq çətindir. Bu fikirlə nə qədər razısız?

- Fikrinə hörmətlə yanaşıram, epizodik olaraq arxada qalırdıq. Açıq futbolu xoşlayıram, 10 nəfərlə qalanda da pressinq edir, rəqibi sıxmağa çalışırdıq. Hər zaman rəqibin meydançasında oynamaq istəyirəm.

- Abdulla Rzayev nə üçün heyətdə yox idi?

- Cüzi zədəsi var. Ehtiyat etdik. İstirahət verdik ki, bərpa olunsun. 2-3 günlük yüngül zədəsi var. Risklərimiz çox olacaq. Heç nədən qorxmuruq. Futbolçu bütün mövqelərdə oynamağı bacarmalıdır. Elə ola bilər ki, mərkəz müdafiəçilərimiz irəlidə oynasın. Hər kəs hər şeyə hazır olmalıdır. Bütün mövqelərdə oynamağı bacarmalıyıq.

- Qələbəyə görə mükafat olacaq?

- Rəhbərlik verəndə biləcəyik. Oyuna xüsusi hazırlığımız yox idi. Rəhbərlik hansı mükafatı versə, onla kifayətlənəcəyik.