"Araz-Naxçıvan" klubu Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun çətin olacağını bilirdik. "Kəpəz"in evdə necə oynadığı hamıya bəllidir. Rəqibi təhlil etmişdik. Azər Məmmədov yaxşı komanda formalaşdırıb. Birinci hissədə istədiyimizi etməyə çalışdıq. Futbolçular yaxşı mübarizə apardı. Əlimizə düşən qol imkanlarından maksimum istifadə etdik. İkinci yarıda sığortalı oynamağa çalışdıq. Qapımızda qol gördük. Bu, bizim üçün siqnal olmalıdır. Müdafiədəki boşluqları aradan qaldırmalıyıq.

- Penalti epizodunu necə şərh edərdiniz?

- Hələ epizoda baxmamışam. Hakimlər daha yaxşı bilər. Referi epizoda yaxın idi. Hakimlərin üstünə çox getmək istəmirəm. Gənc hakimdir. Onlara dəstək olmalıyıq.

- Əvəzetmələri etməkdə məqsədiniz nə idi? Oyuna girənlər sanki özlərini göstərə bilmədilər...

- Bəli. Daha çox öndə topu özünüzdə saxlamaq istədik. Orxanla Turalın yorğunluğu görünürdü. İstədik ki, öndə pressinq edək. Daha çox cinah müdafiəçilərində problem oldu. Çox yoruldular.