“Kəpəz” klubunun baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 4-cü turunun “Qarabağ”la görüşü haqda (1:1) danışıb.

Offsideplus.az xəbər verir ki, o, futbolçularının mübariz olduğunu deyib:

“Şəhriyar qardaşımın ölümü ilə bağlı onun ailəsinə səbir diləyirəm! Allah ona rəhmət eləsin!

“Qarabağ” çempionatımızın bir nömrəli komandasıdır. Avrokuboklarda bizi uğurla təmsil etdikləri üçün rəhbərliyə təşəkkür edirəm! Bu gün keçirilən matçda favorit “Qarabağ” idi. Hər şeyə rəğmən, heç-heçə etdik. Futbolçularıma da təşəkkür edirəm! Çatışmazlıqlar olurdu. Ən çox əks-hücumlara çıxmağı düşünürdük. Qolu da həmin epizodda vurduq. Gəncədən buraya qədər bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram!

Futbolçularımın mübariz olduğunu gördüm. Onlar kollektiv olaraq yaxşı çalışırlar. Bu gün qazandığımız 1, “Neftçi” ilə oyunda əldə etdiyimiz 3 xal mənim üçün gözlənilməz oldu. Bu xallar mövsümün sonunda bizim üçün faydalı olacaq.

Futbolçu qıtlığı yaşayırıq. Dəyişikliklər edə bilmirik. Rüfəti əvəzləməyimin əsas səbəbi Naxçıvan təmsilçisi “Araz”la matçımızın olmasıdır”.