"Yaxşı ki, uduzmadıq. Çünki bu da baş verə bilərdi. Oyunun bəzi hissələrində rəqib üstünlüyü ələ almışdı. Keçənilki vəziyyəti nəzərə alsaq, bu mövsüm çempionatın üç oyununda da xal götürmək bizim üçün yaxşı haldır. Vaxtımız var, hazırlaşacağıq. Yeni gələn oyunçuların fiziki durumunun aşağı olması bizə əziyyət verir. Oyun tonusunu matçboyu saxlaya bilmirik. Amma birinci hissədə xoş olan məqamlar var idi, yaxşı hücumlar qürurduq. İstəyirik ki, bunu bütün oyun edək. Alınsa, daha yaxşı komanda görəcəyimizə inanıram".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 4-cü turunun "Araz-Naxçıvan"la oyunundan sonra mətbuat konfransında deyib.

- Qəbələdəki matçda da ikinci hissə geriyə çəkildiz, sürəti aşağı saldınız, burada da. Bu nə ilə əlaqədardır?

- Tapşırıq deyil. Konkret olaraq fiziki durumumuz aşağı düşür. Oyunun sonuna qədər çatdıra bilmirik. Tam yay toplanışını keçməyən oyunçularımız var. Onları oyunlarla formaya gətirəcəyik. Bilirəm ki, 4-5 futbolçu tam olaraq 90 dəqiqə oynamağa hazır deyil.

- Vüqar Mustafayev kapitan olsa da, iki oyun ehtiyatda saxladınız...

- Gedişatlardır. Gələn oyun o oynaya bilər, başqası otura bilər. Kapitandı deyə, həmişə oynayaq qanunu da yoxdur. Bu oyunla bağlı seçim qarşısında qaldıq ki, Vüqarı ya Səbuhini oynadaq. Qəbələdə bu heyətlə çıxdıq və oradakı səhvlərimizi çox analiz etdik. Həmin heyətə səhvlərini göstərmişdik deyə, fikirləşdik bu gün daha yaxşısını edə bilərlər. Vüqarın oynamaması çatdırmaması ilə bağlı deyil. Ola bilər ki, gələn oyun oynasın.

- Riad Rəfiyev matçdan sonra nəticəyə görə üzgün görünürdü. Ancaq siz deyirsiz ki, uduza da bilərdik...

- Klub prezidentini görməmişəm. Birinci hissə oyunda diqtə edən tərəf idik. İkinci yarıda rəqib üstünlüyü ələ keçirdi, təhlükəli epizodlar da yaratdı. 100 faizli qol imkanları çox deyildi. Üzüldüyüm məqam odur ki, rəqibə qarşılıq biz heç nə edə bilmədik. Ancaq anlayıram. Oyunu tonusda keçirmək üçün fiziki sarıdan yaxşı durumda olmaq lazımdır. Klub prezidentini də başa düşmək olar, xal itirmişik. Amma başlanğıc üçün o qədər də pis nəticə deyil.

- Erik Sorqa ilə bağlı durum nə yerdədir? Yoxlama matçlarında qol vuran estoniyalı rəsmi matçlarda özünü göstərə bilmir...

- Bu gün Erikdən qol istəyiriksə, ona epizod yaratmalıyıq. Rəqib meydançasında daim dominantlıq etməlisən. Erik cərimə meydançası daxilində çox yaxşıdır. Bitiriciliyi, qol vurmağı çox yaxşıdır. Məşqlərdə mən şahidiyəm. Üç oyundan sonra Erikdən bunları etmir, hardasa axsayır deyə, üstünə gedəsi də deyiləm. Ona şans da veriləcək. Bəli, bunu doğrultmalıdı, özü də anlayır. Allah qoysa, Erikdən ümid etdiyimizi ala biləcəyik. Hücumda problemlərimiz göz önündədir, üzərində də işləyirik. Komandaya iki vinger gətirmək üçün işlər gedir, danışırıq, axtarırıq.

- Rəqibin hücumları daha çox Rövlan Muradov tərəfdən gəlsə də, səhvlərə yol versə belə, onu dəyişmədiz. Əvəzləyəcək oyunçunuz yox idi?

- Rövlan Muradovu dəyişəcək və hücumu artıracaq oyunçumuz yoxdur skamyada. Rövlan 90 yox, 180 dəqiqə oynaya biləcək futbolçudur. Onu da çıxartsaq...Bəlkə də, siz tərəfdən hansısa səhvləri görülürdü, sezilirdi...Bunu da mən baxandan sonra görərəm. Onu əvəzləsəydik, başımız ağrıyardı.

- "Sabah"la oyunun təxirə salınmasına niyə razılaşdınız?

- Biz ona razılaşmasaydıq, qınaq obyektinə çevriləcəkdik. Hamı bizi qınayacaqdı. Deməyin ki, belə şeylər olmayacaqdı. Olacaqdı. Amma biz onlar qınayacaq deyə, belə addım atmamışıq. Həmin vəziyyətdən istifadə edərək xal götürməyimizdənsə, Azərbaycan klubuna kömək etməyi daha üstün tutduq, "Sabah"a kömək etdik.

- Amma onlar keçənilki kimi, bu mövsüm də, deyəsən, sizə güzəşt etməyəcək. Sumqayıtda sizə böyük hesabla qalib gəlirdi...

- O futboldur da. Biz onlara güzəşt etdik deyə, onlar bizə qol vurmasın, belə şeylər yoxdur axı. "Sabah" ölkəmizə xal gətirə bilərdi, sevindirmək imkanı var idi, buna görə oyunun təxirə salınmasına razı olduq. "Sabah"ın avrokuboklarda qalib gəlməsi tək onlara sevinc gətirmir. Kənardan oyunçu gətiririksə, ona göstəririk ki, bax "Sabah", "Qarabağ" kimi komandalarımız var, qruplarda oynayırlar. Hamımıza xeyirdir. Ona görə canla-başla buna getdik.(sportal.az)