"Sabah"dan Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer olunan Coy-Lens Mikels klub və azarkeşlərlə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək klubdan iki nəfərin onun vidalaşmaq istəyini rədd etdiyini açıqlayıb:

"Əziz "Sabah" ailəsi, çox istərdim ki, hər şey başqa cür olsun, lakin bu, həyatdır! Vidalaşmaq həmişə çətindir, sizinlə sağollaşmağım təsəvvür etdiyim kimi deyildi. Komanda yoldaşlarım və azarkeşlərimizin önündə düzgün şəkildə vidalaşmaq istəyim rədd edildi. 2 il meydandan tökdüyüm tər və qandan sonra müəyyən insanlar mənə dedi ki, klubda xoş qarşılanmıram. Lakin bu iki insana qarşı düşmənçilik etmək məqsədində deyiləm. 

Məni günahkar göstərib, bu klubda heç olmamışam kimi paltardəyişmə otaqlarından və dəhlizlərdən şəkillərimi yığışdırmaları böyük zəiflik göstəricisidir. Qəpiyin həmişə iki üzü var, lakin öz hekayəmi izah edə bilmədim. Çünki buna şansım olmadı!

...Mənə verdiyiniz şansa görə sizə təşəkkür etmək istəyirəm, mən buyam, belə böyümüşəm. Azərbaycan mənim 2-ci evim olaraq qalacaq. Şəxsən, bu iki il möhtəşəm idi, gözəl komanda yoldaşlarım və məşqçi heyətim vardı, onlar və media mənə sonsuz inamını göstərdi və nəticədə əlimdən gələnin ən yaxşısını etdim. Bu ölkədə çoxlu dostlar qazandım və futbolçu və adi fərd kimi heç vaxt gözləmədiyim şəkildə isti qarşılandım. Hamınıza təşəkkür edirəm, klubu var edən sizlərsiniz! "Sabah"ın mən ölənə qədər hər zaman qəlbimdə yeri olacaq. İnşallah, yenə görüşərik, heç vaxt "heç vaxt" demə!"