"Bu gün çox yaxşı oyun göstərdik. Bərpa olunmaq üçün vaxtımız az idi. 120 dəqiqə oynayıb "Partizan"a məğlub olmaq futbolçular üçün psixoloji cəhətdən çətin oldu".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 3-cü turunda "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəsssi 1:1 hesablı bərabərliyi belə şərh edib: "Yorğunluğa baxmayaraq, futbolçular özlərində güc tapdılar. Məzmunlu oyun göstərdik. Komanda üç xal qazanmaq üçün əlindən gələni etdi. Bu gün futbolçuların heç birini qınaya bilmirəm. Əlimizə düşən qol fürsətlərini dəyərləndirə bilmədik. Bir səhv bizə baha başa gəldi".

O, qırmızı vərəqə aldığı epizod haqda da danışıb: "Rəqibin oyunu tez başlamasına mane oldum. Buna görə də hakim qırmızı vərəqə göstərdi. Amini sakitləşdirmək istəyirdim, itələmək istəmirdim. Çünki, sarı vərəqə almışdı".

M.Musayev "Özünüz bu qədər gərginsiniz. Komandanı gərginlikdən necə çıxaracaqsız" sualına isə belə cavab verib: "Hansı gərginlikdən danışırsınız? 85-ci dəqiqədə qırmızı vərəqə aldım. Qalib gəlmək istəyirdim. Rəqibin baş məşqçisi ilə dalaşmadım. Ola bilər ki, qanımda nəsə maddə var, tam bilmirəm. Deyirsiz ki, Murad Musayev həmişə qırmızı vərəqə görür. Azərbaycanda hakimliyin səviyyəsinin bir qədər yaxşı olmasını istəyərdim. Bu gün hakimlik birtərəfli idi. Rəqibə sərt oynamağa imkan verdilər, bizə isə yox".