“Yaxşı, sürətli və keyfiyyətli oyun alındı. Hər iki komanda çox istəkli idi, qələbə qazanmaq istəyirdi. Birinci hissədə oyunumuz daha yaxşı alındı.Oyun bizim nəzarətimizdə idi. Gözlənilmədən qol buraxdıq. Rəqib bir az daha böyük qüvvə ilə irəli getməyə başlarkən müdafiədə boşluqlar yaranırdı. O dəqiqələrdə mütləq şəkildə nəticəni inkişaf etdirmək lazım idi. Amma biz boşluqlardan istifadə edə bilmədik və əksinə rəqib bizi cəzalandırdı".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turunda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İkinci hissənin əvvəlində "Səbail" daha aktiv oynamağa başladı. 70-ci dəqiqədən sonra yenə üstünlük bizim tərəfə keçdi. Meydanın mərkəzində topu ələ keçirdikdən sonra sürətli hücumla qol vurduq. Sonra futbolçular yaxşı xarakter göstərdilər, mübarizə apardılar, rəqibin fərqlənməyinə imkan vermədilər. Vacib 3 xal qazandıq. Komandamızı, azarkeşlərimizi və rəhbərliyimizi bu münasibətlə təbrik edirəm" - deyə o bildirib.

Mütəxəssis bu il çempionatın gərgin başladığını vurğulayıb: "Sumqayıt"ın ardıcıl 2 oyunda qalib gəlib. "Turan Tovuz" yalnız "Qarabağl"a matçda xal itirib. "Sabah", "Neftçi" və "Qarabağ" xal itirsə də, mövsümün gedişində öz formalarını yaxalayacaqlarını düşünürəm. Keçən il qələbə qazanmaq çətin olurdu. Bu il 3 oyunda qələbə qazansan da, baxırsan bütün komandaların xalları yaxındır. Bu bir daha onu göstərir ki, çox gərgin mübarizə bizi gözləyir. Biz də komanda olaraq buna hazır olmalıyıq.

Sadıqov komandanın qələbə qolunu vuran Filipe Paxtman haqda da danışıb: "Paxtmanı bir az erkən oyuna buraxmaq istəyirdim. Sadəcə süni ot örtüyünü nəzərə alıb, düşündük ki, son 15 dəqiqədə istifadə edək. Qələbəyə sevindiyim qədər Paxtmannın fərqlənməsinə sevinirəm. Qol vurduqdan sonra yaxınlaşıb mənə "çox sag ol" dedi. Məşqçilər heyəti, rəhbərlik ona çox güvənir. Bu gün fərqlənməyi bizi sevindirdi. Gələcəkdə də istəyirəm ki, uğurlu çıxışı stabil olsun".

Baş məşqçi uğurlu startın səbəbinin olması ilə bağlı söyləyib: "İstər hazırlıqda, istər seleksiyada, heyətdə müəyyən dəyişiklərə getdik. Ancaq üç qələbəni buna bağlamaq düzgün olmazdı. Futboldur. Keçən il də az oyunlar olmadı ki, qələbə qazanmalı idik, amma yekunda məğlub olurduq. Uğurlu startı nəyəsə bağlamaq istəmirəm. Futbolçular istəyirəm ki, məsuliyyəti dərk etsinlər və buna uyğun növbəti oyunlara hazırlaşsınlar".