"Premyer Liqada debütüm idi. "Neftçi" kimi komanda ilə oynayırdıq. "Kəpəz" tarixinə görə "Neftçi"dən geri qalmır. Mənim üçün sınaq idi. Qələbə qazandığımız üçün sevcincliyik. Amma hər şeyə rəğmən daha çox işləməliyik. Çatışmazlıqlar var. Bir neçə transfer etməyi düşünürük. Onları edəndən sonra daha yaxşı olacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Azər Məmmədov Premyer Liqanın birinci turunun "Neftçi" (1:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Demişdiz ki, ən böyük arzum "Kəpəz"in baş məşqçisi olmaqdır. Bu arzunuz reallaşdı. Bundan sonra hədəfiniz nədir?

- "Kəpəz"in baş məşqçisi olmaq adi bir şey deyil. Sevinirəm ki, burdayam. Hələ böyük iş görməmişik. Bundan sonra 35 oyun var. Çempionat uzun marafondur. Ağrılı, sevincli günlərimiz olacaq. "Neftçi"ni udsaq da, böyük bir iş görməmişik. Dayanmamalıyıq.

- Konkret olaraq danışıq apardığınız futbolçular var?

- Çox futolçu ilə danışırıq. Köhnə Yuqoslaviyadan, Niderlanddan olan oyunçularla danışıqlar gedir. Gəncə böyük şəhər olsa da, bura region kimi baxırlar. Çoxu Bakını istəyir. Maliyyə gücümüz də o qədər çox deyil. Bakıya 5-ə gəlirlərsə, bizdən daha artığını istəyirlər. Bəzilərinin ailəsi bura gəlməyə razılaşmır. Amma çalışırıq ki, yaxın zamanda ən azı üç transfer edək. Hələ ki, heç kimlə razılaşmamışıq.

- Zamiq Əliyev və Bəxtiyar Həsənalızadə komandanı tərk etdi. Bəxtiyarın müqaviləsində belə bənd var idi ki, xaricdən təklif gəlsə, gedə bilər. Başqa hansı futbolçunun sözləşməsində belə bənd var?

- Bəxtiyar milli üzvüdür, yaxşı, artıq pul maaş istəyirdi. Onunla "Zirə"də işlədiyim vaxtdan tanışıq. Mənə görə "Kəpəz"də oynamağa razılıq vermişdi. Xahiş etdi müqaviləyə bənd salaq ki, xaricdən təklif gəlsə, gedişinə icazə verilsin. Bu, təbii haldır. Təklif oldu və həmin bənddən yararlandı. Başqa futbolçuların müqaviləsində belə bənd yoxdur.

- Hamı "Kəpəz" və "Araz Naxçıvan"a autsayder kimi yanaşırdı. Bu qələbədən sonra rəqiblər sizə daha ciddi yanaşacaq?

- Razıyam ki, "Kəpəz"i autsayder hesab edirlər. Bu oyundan sonra bizi sayacaqlar. Amma rəqiblər "Kəpəz"ə həmişə ciddi yanaşıblar. Bu gündən sonra isə daha ciddi hesab edəcəklər. "Neftçi" üç gün əvvəl ağır oyun oynamışdı. Fürsətdən istifadə edib onları məğlub edə bildik. Bundan sonra bizim üçün ağır olacaq.

- İddialar var idi ki, "Neftçi" bu matçın Bakıda keçirilməsini istəyib və "Kəpəz" razı olmayıb. Həqiqətən belə olub?

- Tam olaraq yox. Ümumi olaraq, söhbət etmişdik.(sportal.az)