"Neftçi" klubunun baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 1-ci turunun "Kəpəz"lə oyunundan sonra mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Komanda yorğun idi. Hələ ki üç gündən bir oynamağa tam hazır deyilik. İlk hissdə epizodları qola çevirə bilmədik. Böyük səhv etdik və bu, penalti ilə nəticələndi. Rəqib də bizi cəzalandırdı".

- Sanki futbolçularınızın fikri "Beşiktaş"la oyundadı. Rəqibi təhlil etmisiz?

- "Beşiktaş"la matçda da ağlımızdan yalnız qələbə keçir. Gəncəyə qalibiyyət üçün gəlmişdik. Məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə olardı. Amma istənilən halda, "Kəpəz"i qələbə münasibəti ilə təbrik edirəm.

- Premyer Liqanın çempionluğa namizəd komandaları - "Qarabağ" və "Neftçi" ilk turda məğlub oldu. Demək olar ki, bu mövsüm hər iki komanda üçün çətin keçəcək?

- Bayaq dediyim kimi, üç gündən bir oynamaq çətindir. Xüsusən də bu cür isti havada. Çempionata qaldıqda, bəli, çətin olacağı gözləniləndir.

- "Qalatasaray"ın futbolçusu Olimpiu Morutanın adı "Neftçi" ilə hallanır. Bu haqda nə deyə bilərsiniz?

- Bu haqda heç nə yoxdur.