Bu ilin əvvəlindən bəri "Qarabağ"da əsas heyətə düşə bilməyən Qara Qarayev Ağdam təmsilçisindən ayrılaraq "Neftçi"yə keçib.

 30 yaşlı yarımmüdafiəçinin "ağ-qaralar"a keçidi birmənalı qarşılanmayıb. Ələlxüsus sosial şəbəkələrdə izləyicilər Qaranın 12 ildir formasını geyindiyi "Qarabağ"dan ayrılmasını futbolçuya qarşı haqsızlıq olduğunu bildirirlər.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, təcrübəli futbolçunun "köhlən atlar"dan ayrılmasına səbəb rəhbərliklə yola getməməsi olub. Belə ki, əsas heyətə düşmədiyi üçün narazı qalan, rəhbərliklə sözü düz gəlməyən Qarayev yekunda Ağdam təmsilçisinin sıralarını tərk etməli olub. 

Qeyd edək ki, Qara Qarayev "Neftçi" ilə yanaşı "Sabah"dan da təklif alıb. Lakin futbolçu "ağ-qaralar"ı seçib.

Offsideplus.az