"Neftçi" klubu yeni baş məşqçisini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.

“Neftçi”nin baş məşqçisi təyin olunmasından şərəf duyduğunu bildirən Adrian Mutu deyib: “Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına mailk klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.

Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Hellas Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya Krayova” (Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.